İstifadəçi razılaşması

Redaksiya № 1.1 · 27 oktyabr 2026

1. Terminlər

  • Butikim — butikim.az saytı və Butikim mobil tətbiqi (iOS, Android).
  • Administrasiya — BUTİKİM MMC (VÖEN 1203830751).
  • İstifadəçi — Butikimdən istifadə edən hər bir şəxs.
  • Hesab — İstifadəçinin telefon nömrəsi ilə yaratdığı şəxsi bölmə.
  • Elan — İstifadəçinin Butikimdə yerləşdirdiyi, məhsul haqqında şəkil, qiymət və təsvirdən ibarət təklif.
  • Video və hekayə — İstifadəçinin məhsulu nümayiş etdirən video və 24 saatlıq qısa paylaşımı.
  • Elan sahibi — elan, video və ya hekayə yerləşdirən İstifadəçi.
  • Mağaza nişanı — Administrasiyanın fiziki mağazasını təsdiqlədiyi İstifadəçiyə verdiyi nişan.
  • Ödənişli xidmətlər — elan yeri, video yeri, paket və reklam.
  • Balans — Ödənişli xidmətlər üçün İstifadəçinin artırdığı vəsaitin uçotu.

2. Ümumi müddəalar

2.1. Bu Razılaşma Administrasiya ilə İstifadəçilər arasındakı münasibətləri və Butikimdən istifadə şərtlərini tənzimləyir.

2.2. Butikim elan platformasıdır. Administrasiya İstifadəçilər arasında məhsulla bağlı əməliyyatların təşkilatçısı, vasitəçisi, satıcısı və ya alıcısı deyil. Qiymət, ödəniş, çatdırılma və qaytarma elan sahibi ilə istifadəçi arasında razılaşdırılır.

2.3. Butikimdən istifadə etməklə İstifadəçi bu Razılaşmaya, Elan qaydalarına və Məxfilik siyasətinə qoşulur.

2.4. Administrasiya Razılaşmanı birtərəfli qaydada dəyişə bilər. Yeni redaksiya saytda dərc olunduğu gündən qüvvəyə minir. Dəyişikliklə razı olmayan İstifadəçi Butikimdən istifadəni dayandırmalıdır.

2.5. Digər İstifadəçiləri yanıltmaq məqsədilə başqa şəxsin, mağazanın və ya təşkilatın adından çıxış etmək qadağandır.

2.6. Razılaşmanı, Qaydaları və ya qanunvericiliyi pozan İstifadəçinin elanları silinə, hesabı bloklana bilər.

3. Hesab

3.1. Hesab telefon nömrəsi ilə yaradılır, giriş SMS kodu ilə həyata keçirilir.

3.2. İstifadəçi SMS kodunu başqasına vermir və öz hesabında edilən hərəkətlərə görə məsuliyyət daşıyır.

3.3. Bir telefon nömrəsi yalnız bir hesaba aid ola bilər: başqa hesabın giriş, WhatsApp və ya filial nömrəsi kimi istifadə olunmur.

3.4. Hesabı başqasına vermək, satmaq və ya icarəyə vermək qadağandır.

3.5. Ad, şəhər və rayon ilk elan yerləşdirilərkən bir dəfə yazılır. Sonradan yalnız Administrasiyaya müraciətlə dəyişdirilir.

3.6. WhatsApp nömrəsi SMS kodu ilə təsdiqlənir və 90 gündə bir dəfə dəyişdirilə bilər.

3.7. Elan sahibinin adı, profil şəkli, şəhəri, telefon və WhatsApp nömrəsi onun elanlarında və profilində bütün istifadəçilərə görünür. İstifadəçi bu məlumatların açıq olduğunu anlayır və bununla bağlı riskləri qəbul edir.

4. Elan, video və hekayə

4.1. Elan, video və hekayə Elan qaydalarına uyğun yerləşdirilir. Hər biri dərc olunmazdan əvvəl Administrasiya tərəfindən yoxlanılır.

4.2. Elan və video təsdiqdən sonra 30 gün aktiv qalır. Elanı dayandırmaq bu müddəti saxlamır. Müddəti bitmiş elan və ya video bərpa oluna bilər.

4.3. Hər hesabın pulsuz elan yerləri var. İşlənən pulsuz yer 30 gün sonra geri qayıdır. Pulsuz yerlərin sayı Qiymətlər səhifəsində göstərilir.

4.4. Yeni elan və ya müddəti bitmiş elanın bərpası bir yer tutur. Elanı silmək yeri qaytarmır. Heç dərc olunmamış elan qəbul edilmədikdə yer geri qayıdır. Pulsuz yer olmadıqda elan ödənişli yerlə yerləşdirilir.

4.5. Video üçün pulsuz yer yoxdur: video tək video yeri və ya paketlə yerləşdirilir; yeni video və bərpa bir video yeri tutur. Hekayə yalnız aktiv paketlə yerləşdirilir və 24 saat görünür; eyni anda ən çox 4 hekayə ola bilər.

4.6. Dərc olunmuş elanda ölçü, rəng və filial dərhal dəyişir. Şəkil, ad, təsvir, qiymət və endirim dəyişdikdə elan yenidən yoxlanılır; yoxlama müddətində əvvəlki versiya (o cümlədən əvvəlki qiymət) görünür, dəyişiklik qəbul edilmədikdə əvvəlki versiya qalır. Kateqoriyanı və «kimin üçün» seçimini dəyişmək, elanı başqa məhsula çevirmək olmaz.

4.7. Administrasiya elanı redaktə edə, kateqoriyasını düzəldə, dərc etməyə, silə və ya bloklaya bilər. Səbəb İstifadəçiyə bildirişlə göndərilir.

4.8. Elan sahibi yerləşdirdiyi məlumatın doğruluğuna, qanunvericiliyə uyğunluğuna və üçüncü şəxslərin hüquqlarını (müəlliflik hüququ, əmtəə nişanı) pozmamasına görə tam məsuliyyət daşıyır.

4.9. Elan yerləşdirməklə elan sahibi Administrasiyaya həmin məzmunu Butikimdə göstərmək və Butikimin tanıtımında istifadə etmək hüququ verir.

4.10. Qəbul edilməmiş elan 30 gün sonra silinir. Silinmiş elanın şəkilləri 30 gün sonra birdəfəlik silinir və bərpa olunmur.

4.11. Fiziki mağazası olan İstifadəçi tətbiqdən Mağaza nişanı üçün müraciət edə bilər. Nişan Administrasiyanın yoxlamasından sonra verilir, pulla satılmır və məlumat uyğunsuz olduqda geri alına bilər.

5. Ödənişli xidmətlər

5.1. Ödənişli xidmətlər: tək elan yeri, tək video yeri, paket və reklam.

5.2. Xidmətlərin aktual qiyməti Qiymətlər səhifəsində və alış zamanı tətbiqdə göstərilir. Administrasiya qiymətləri dəyişə bilər; alış anında göstərilən qiymət keçərlidir. Qiymətlərə ƏDV daxildir.

5.3. Xidmət balansdan ödənilir və ödəniş anında aktivləşir. Aktivləşdirilmiş xidmətin məbləği geri qaytarılmır.

5.4. Paket və tək yer alış anından öz müddəti qədər qüvvədədir; müddət bitdikdə istifadə olunmamış yerlər ləğv olunur, artıq yerləşdirilmiş elan və videolar isə öz müddətini tamamlayır. Bir neçə paket eyni vaxtda aktiv ola bilər, yerlər toplanır. Yerlər əvvəlcə pulsuz yerlərdən, sonra paketdən, sonra tək yerdən istifadə olunur.

5.5. Reklam yalnız aktiv elan və ya videoya alınır. Reklam müddətində elan və ya video önə çıxarılır, elan xüsusi nişanla göstərilir; elanın və videonun müddəti reklam bitənə qədər uzanır. Administrasiya reklamın nəticəsinə (baxış, müraciət, satış) zəmanət vermir.

5.6. Elan sahibi elanı vaxtından əvvəl silərsə və ya dayandırarsa, həmçinin elan Qaydaları pozduğu üçün silinərsə və ya bloklanarsa, ödənilmiş məbləğ geri qaytarılmır. Reklam başqa elana keçirilmir.

5.7. Texniki nasazlıq səbəbindən xidmət göstərilmədikdə məsələ fərdi qaydada həll olunur.

5.8. Balansın artırılması və ödənişlə bağlı şərtlər Ödəniş qaydalarında göstərilib.

6. Bildirişlər

6.1. Administrasiya tətbiq daxilində və push bildiriş vasitəsilə elanların statusu, paketlərin müddəti, izlənilən istifadəçilərin yeni elanları, həmçinin Butikimin xəbərləri və təklifləri barədə bildiriş göndərə bilər.

6.2. Push bildirişlər cihazın parametrlərindən söndürülə bilər.

7. Butikimdən istifadə

7.1. Butikimin domeni, tətbiqləri, proqram təminatı və dizaynı Administrasiyaya məxsusdur. İstifadəçiyə Butikimdən istifadə üçün şəxsi, pulsuz, müstəsna olmayan hüquq verilir.

7.2. İstifadəçi aşağıdakıları etməməyi öhdəsinə götürür:

  • Butikimdəki məlumatları bot, skript və ya digər avtomatik vasitələrlə toplamaq;
  • Butikimin işinə mane olmaq, serverlərini həddindən artıq yükləmək;
  • Qaydalardan və limitlərdən yayınmaq üçün əlavə hesab açmaq və ya xüsusi proqram işlətmək;
  • Digər İstifadəçilərin əlaqə məlumatlarını onların razılığı olmadan reklam və ya başqa məqsədlə istifadə etmək.

8. Məsuliyyətin məhdudlaşdırılması

8.1. Elanın məzmunu elan sahibinə aiddir. Administrasiya elandakı məlumatın doğruluğuna, məhsulun keyfiyyətinə və mövcudluğuna zəmanət vermir.

8.2. İstifadəçilər arasında yaranan mübahisələr Administrasiyanın iştirakı olmadan tərəflər arasında həll olunur. Administrasiya İstifadəçilər arasındakı əməliyyatlardan yaranan zərərə görə məsuliyyət daşımır.

8.3. Hüququ pozulan şəxs (müəlliflik hüququ, əmtəə nişanı, şəxsi məlumat və s.) tətbiqdəki «Şikayət et» düyməsi və ya info@butikim.az ünvanı ilə müraciət edə bilər. Şikayət əsaslı olduqda məzmun silinir və ya ona giriş bağlanır.

8.4. Administrasiyanın İstifadəçi qarşısında məsuliyyəti İstifadəçinin həmin xidmətə ödədiyi məbləğlə məhdudlaşır.

8.5. Administrasiya qanunvericilikdə nəzərdə tutulmuş hallarda səlahiyyətli dövlət orqanlarının sorğusu ilə məlumat təqdim edir.

9. Hesabın silinməsi

9.1. İstifadəçi hesabını istənilən vaxt tətbiqdə «Hesabı sil» bölməsindən silə bilər.

9.2. Hesab silindikdə elanlar, videolar, hekayələr, şəkillər və izləmələr birdəfəlik silinir və bərpa olunmur.

9.3. Balansdakı vəsait və aktiv paketlər hesabla birlikdə ləğv olunur və kompensasiya edilmir.

10. Digər şərtlər

10.1. Mübahisələr danışıqlar yolu ilə həll olunur; razılıq əldə edilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.

10.2. Razılaşmanın hər hansı müddəasının etibarsız sayılması digər müddəalarına təsir etmir.

10.3. Razılaşmanın ayrılmaz hissələri: Elan qaydaları, Məxfilik siyasəti, Ödəniş qaydaları, Qiymətlər.

10.4. Administrasiya: BUTİKİM MMC, VÖEN 1203830751, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi. E-poçt: info@butikim.az.